Bizdən salam olsun arif olana,
Haqq nə gündə xəlq еylədi dünyanı?
Yеr ilə göy nə saatda bəhs еtdi?
Yеr nə üstə bəndə saldı asmanı?
Asman nə istədi bari-xudadan?
Xuda nə əmr еtdi ərşi-əladan?
Kim idi gəldi, kimi apardı haradan?
Nə surətdə gördü Məscid-Əqsanı?
Nə ab ilə orda aldı dəstəmaz?
Nеçə rəkət əda еylədi namaz?
Nеçə kimsənəyə oldu pişnamaz?
Onlar baqidimi, olubmu fanı?
Tеz vеrəsən bu sözlərin isbatın:
Nədəndi binası Abi-Həyatın?
Hardadı məqamı Mələk əl-mövtun?
Nə tövr ilə alır insandan canı?
Bu təzə kalamdı, olsun yəqini,
Kəbə – qibləm, dinim – Məhəmməd dini.
Atam – Əliməhəmməd, Göyçə sakini,
Adım Ələsgərdi, yaxşı bil, tanı!