Sarınərdən top-tüfəngin atılı(r),
Qısır Murğuz Şah-dağına çatılı(r).
Bir əmliyin bir tümənə satılı(r),
Xəzəl olu(r) yenə pülların, dağlar!
Kəpəz, Murov, Musa - gör neçə dağ var…
Üstünə nur yağsın, ay dəli Qoşqar!
Yayın ort(a) ayında yağdırırsan qar,
Səf çəkib üstündə salların, dağlar!
Elə ki, şər gəldi, qaraltdı qaşı,
Dumana qərq olur dağların başı.
Düşəndə gürg ilə kəlbin savaşı,
Uzaq çəkir qi(y)lü-qalların, dağlar!
Halıyam Eldarın var cümləsindən,
Gecə yatmır bir-birinin bəhsindən.
İyid nə'rəsindən, güllə səsindən
Dəyməmiş tökülür kalların, dağlar!
Həsən-nənə, Həsən-baba qoşadı,
Xaşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!